2001-ci ildən “Kral” brendi ilə halal və ekoloji təmiz ət məhsulları istehsal edən “Hakan Foods” şirkətinin prezidenti Yavuz Həsənov qəbul imtahanında 700 bal toplamış Bakı şəhəri, Nizami rayonu, 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova və ailə üzvləri ilə görüşüb.
Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin bütün sahələrdə olduğu kimi təhsil sektorunda da əhəmiyyətli uğurların əldə olunmasına səbəb olduğunu diqqətə çatdıran Yavuz Həsənov Leyli Əhmədovanın qəbul imtahanında maksimum 700 bal toplamasını təhsilimizin inkişafının göstəricisi olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Leyli Əhmədovanın qardaşı da 3 il əvvəl imtahanda 700 bal toplayıb.
Yavuz Həsənov bu faktı əsas gətirərək vurğulayıb ki, bir ailənin 2 üzvünün 700 bal toplaması nadir hadisələrdən biridir: “Azərbaycan cəmiyyəti sizin ailənizin üzvlərinin nailiyyətləri timsalında təhsilin inkişafına göstərilən diqqət və qayğını gördü. Düşünürəm ki, sizin bu uğurlarınız bir çox ailələrin övladları üçün stimul olacaq. Onlar da çalışacaqlar ki, təhsil və digər sahələrdə uğurlu nəticələr əldə etsinlər”.
Görüşə görə təşəkkürünü bildirən Leyli Əhmədovanın anası Mahirə Əhmədova ölkəmizdəki ictimai-siyasi sabitliyə, təhsilin inkişafı üçün yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Görüşdə Leyli Əhmədovaya hədiyyə təqdim edilib və şirkət tərəfindən ona təhsilinin davamlı stimullaşdırılması üçün təqaüd veriləcəyi bildirilib.
Qeyd edək ki, “Hakan Foods” şirkəti cənab Prezident İlham Əliyevin sahibkarlara sosial məsuliyyət çağırışını dəstəkləyir və bu istiqamətdə addımlar atmaqda davam edir.