XƏBƏRLƏR

Tələbələr “Kral”da ekoloji təmiz ət məhsullarının istehsalı prosesi ilə tanış olublar

 

Bakı Qida Sənayesi Kollecinin “Qida texnologiyası” və “Qida ekspertizası” ixtisaslarında təhsil alan tələbələrinin “Kral” ət məhsulları istehsalı müəssisəsinə ekskursiyası təşkil olunub.

Tələbələrə məlumat verilib ki, "Hakan Foods” MMC 2001-ci ildən "Kral" markası altında ekoloji təmiz kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalına başlayıb. Şirkət 1.2 hektar ərazidə yerləşir və kompleksə ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriya, ət məhsulları istehsalı sahələri, soyuducu anbarlar, daşıma sistemləri daxildir.

Bildirilib ki, "Hakan Foods” MMC təxminən 42 adda kolbasa və sosiska məhsulları istehsalı üçün “Halal Qida” Dövlət Standartı üzrə uyğunluq və gigiyenik sertifikatlarına layiq görülüb. İllik istehsal gücü 2500 tona çatan ət emalı sahəsində müxtəlif çeşidlərdə məhsul istehsal edilir. “Kral” markası altında istehsal olunan ət məhsullarına Azərbaycanın qədim və tarixi diyarlarının, şəhərlərinin adları verilib. “Zəngəzur”, “Gümrü”, “Dərələyəz”, “Vedibasar”, “Göyçə” və başqa adlarda istehsal olunan ət məhsulları yüksək keyfiyyəti ilə yanaşı eyni zamanda tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edir.

Sonra tələbələr kolbasa və sosiska istehsalı prosesini izlədilər, onları maraqlandıran suallara cavab aldılar və “Kral” ət məhsullarından daddılar.